Norveç ordusunun rəhbəri bildirib ki, Oslo gələcəkdə Rusiyanın ölkəyə mümkün müdaxiləsi ehtimalını istisna etmir.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Moskva uzaq şimalda yerləşən nüvə obyektlərini qorumaq məqsədilə Norveçə qarşı addım ata bilər:
“Biz Rusiyanın öz nüvə imkanlarını qorumaq planının bir hissəsi kimi ərazi ələ keçirməsini istisna etmirik. Bu, əslində, ABŞ üçün real təhlükə yaradan yeganə sahədir”, – deyə Norveçin müdafiə rəisi general Eyrik Kristoffersen bildirib.
O etiraf edib ki, Rusiyanın Norveçlə bağlı işğal niyyəti Ukrayna və ya digər keçmiş sovet ərazilərində olduğu qədər deyil. Lakin qeyd edib ki, Rusiyanın nüvə arsenalının böyük hissəsi Norveç sərhədinə yaxın Kola yarımadasında yerləşir. Buraya nüvə sualtı qayıqları, quruda yerləşdirilmiş raketlər və nüvə başlıqları daşıya bilən aviasiya vasitələri daxildir.
Kristoffersenin sözlərinə görə, Rusiya NATO ilə başqa bir məkanda qarşıdurmaya girərsə, bu obyektlər həlledici əhəmiyyət daşıyacaq.
Aysel Şirinova