"Bu məsələdə mən o qədər də nikbin deyiləm. Mən realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm".
"Tvit.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibəsində "Gələcəyə baxışınıza gəldikdə, bu qlobal sabitliyin yekunda haraya gedəcəyini görürsünüz? Sizcə, biz buna nail olacağıq?" sualına cavabında deyib.
"Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu müharibənin sona çatması demək deyildi. Sadəcə transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir.Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.
Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir"- deyə prezident qeyd edib.