İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Tvit.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, fevral ayının sonlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən beş nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Fevral ayının 19-da sərhəd dəstəsinin xidməti ərazisində 1985-ci il təvəllüdlü Füzuli rayon sakini Məmmədov Elməddin Nurəddin oğlu 10 kiloqram 600 qram narkotik vasitəni (8.6 kiloqram marixuana, iki kiloqram metamfetamin) ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.
Fevral ayının 26-da saat 20:40-da isə ümumi çəkisi 22 kiloqram narkotik vasitə marixuananı Azərbaycan Respublikası ərazisinə keçirməyə cəhd göstərən 2001-ci il təvəllüdlü İmişli rayon sakini Qarayev Əhəd Əlibala oğlu, 2003-cü il təvəllüdlü Beyləqan rayon sakini Məmmədli Nəcməddin Rasim oğlu, Şəki rayon sakinləri - 1973-cü il təvəllüdlü Məmişov Elçin Eldar oğlu və 1973-cü il təvəllüdlü Muradov Mehman Mahir oğlu saxlanılıblar.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.