Instagram süni intellektlə yaradılan saxta influenser hesablarının qarşısını almaq və istifadəçilər üçün şəffaflığı artırmaq məqsədilə yeni qaydalar tətbiq etməyə hazırlaşır.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd edilir ki, platformada real insan təsiri bağışlayan, lakin tamamilə süni intellekt vasitəsilə yaradılan profillərin sayı artır. Bu isə istifadəçilərin qarşılarındakı şəxsin həqiqi insan, yoxsa süni intellekt tərəfindən yaradılmış profil olduğunu müəyyənləşdirməsini çətinləşdirir.
Yeni qaydalara əsasən, tamamilə süni intellektlə yaradılmış şəxsləri təmsil edən profillər bunu açıq şəkildə göstərməlidir. Instagram əvvəl istifadə etdiyi “AI yaradıcısı” ifadəsini də daha aydın olan “AI tərəfindən yaradılan profil” etiketi ilə əvəzləyəcək.
Etiketdən istifadə etməyən və qaydalara əməl etməyən profillərin paylaşımlarının Reels və Explore bölmələrində onları izləməyən istifadəçilərə tövsiyə edilməsi məhdudlaşdırıla bilər.
Bununla yanaşı, Instagram yanlışlıqla süni intellekt profili kimi işarələnən və ya məhdudlaşdırılan hesab sahibləri üçün etiraz mexanizmi də nəzərdə tutur.
Qeyd olunur ki, yeni qayda bütün süni intellektlə hazırlanmış məzmuna şamil edilməyəcək. Məsələn, real şəxs öz adi paylaşımlarını hazırlamaq üçün süni intellekt alətlərindən istifadə edirsə, onun profilinə “AI tərəfindən yaradılan profil” etiketi qoyulması tələb olunmayacaq.
Aysel Şirinova