İran Hörmüz boğazından ABŞ-la danışıqlarda əsas təsir vasitələrindən biri kimi istifadə edir. Boğazın açılması hazırda tərəflər arasında əsas müzakirə mövzusuna çevrilib.
Tvit.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, İranın Hörmüz boğazından danışıqlar masasında əsas vasitə kimi istifadə etməsi ABŞ-la əvvəlki gərginliklərdən fərqli vəziyyət yaradıb və məsələ iki ölkənin hüdudlarını aşaraq qlobal problemə çevrilib.
Müharibə başlamazdan əvvəl ABŞ və İran arasındakı qarşıdurmada əsas müzakirə mövzuları İranın nüvə və raket proqramları, eləcə də regiondakı müttəfiqləri ilə bağlı məsələlər olub. Hazırda isə əsas diqqət Hörmüz boğazının açılmasına yönəlib.
Məlumata görə, müharibədən əvvəlki vəziyyətə qayıtmaq mümkün olmayacaq və qarşıdurma yeni mərhələyə keçib.
İranın Hörmüz boğazı ilə bağlı mühüm təsir imkanına malik olduğu bildirilir. Bəzi analitiklər bunu “coğrafi nüvə bombası” kimi qiymətləndirirlər. Belə ki, İranın boğazdan istifadə etməsi qlobal enerji və ticarət marşrutlarına ciddi təsir göstərə bilər.
Aysel Şirinova