2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.
Tvit.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cari ilin ilk altı ayı ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 275,9 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 668,9 milyon manat olmaqla (əsas borc üzrə 494,2 milyon manat, faiz borcu üzrə 174,7 milyon manat), ümumilikdə 944,8 milyon manatın ödənilməsi təmin edilib.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2026-cı ilin 1 iyul tarixinə xarici dövlət borcunun səviyyəsi 4 milyard 616,8 milyon ABŞ dolları təşkil etmişdir. Operativ məlumatlara əsasən, cari ilin 1 iyul tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,0 faizini təşkil edib.
Operativ məlumatlara əsasən, daxili dövlət borcunun səviyyəsi 2026-cı il 1 iyul tarixinə 15 milyard 982,0 milyon manat olmaqla cari il üzrə proqnozlaşdırılan ÜDM-in 12,2 faizini təşkil edib.