Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial WUF13-də mənzil və binaların karbonsuzlaşdırılması məsələsi müzakirə olunub
sosial

WUF13-də mənzil və binaların karbonsuzlaşdırılması məsələsi müzakirə olunub

20-05-2026 14:00 71 Просмотров
IMG

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhər-sənaye-iqlim qarşılıqlı əlaqəsində mənzil və binaların karbonsuzlaşdırılması" adlı tədbir keçirilib.

 

Tvit.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Pərvanə Vəliyeva, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Azərbaycanda fəaliyyət göstərən Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) Enerji Sistemləri və Sənayenin Dekarbonizasiyası Şöbəsinin rəhbəri Rikkardo Savilyano və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə karbon emissiyalarının azaldılması, ekoloji cəhətdən uyğun şəhərlərin salınması, dekarbonizasiyaya töhfə vermək, bunun vasitəsilə dayanıqlı qlobal şəhərsalma layihələrini təkmilləşdirmək istiqamətində həyata keçirilən layihələr haqqında danışılıb.

 

Bildirilib ki, tikinti sektoru qlobal karbon emissiyalarının təxminən 37 %-ni əhatə edir. Qeyd edilib ki, binaların ilkin mərhələsindəki addımlar onların dekarbonizasiyasına töhfə verir.

 

Azərbaycan Milli Məclisinin deputatı Pərvanə Vəliyeva Azərbaycanda ekoloji cəhətdən uyğun şəhərsalmadan, Azərbaycanın azad edilmiş ərazilərdəki yenidənqurma işlərindən və ölkədə "yaşıl enerji"yə keçidə verilən töhfədən danışıb.

 

O, həmçinin vurğulayıb ki, Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması turizmin inkişafına şərait yaradır.

 

BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Enerji Sistemləri və Sənayenin Dekarbonizasiyası Şöbəsinin rəhbəri Rikkardo Savilyano tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib. O deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası birliyi ilə əməkdaşlıq, hazırda Ümumdünya Şəhərsalma Forumu, COP29 çərçivəsindəki fəaliyyətlər və UN-Habitat (BMT-nin İnsan Məskənləri Proqramı) ilə əməkdaşlıq - bütün bunlar Azərbaycan hökumətinin bu işə sadiqliyinin göstəricisidir.