“Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Yaxın Şərq Sülh Sammiti keçirilib. Bu sammit zahirdə humanitar məqsədlərlə Qəzzada atəşkəsin təmin olunması üçün keçirilirmiş kimi görünsə də, əslində dərin geosiyasi səbəblərin və böyük güclərin strateji planlarının təzahürüdür”.
Bu fikirləri Politoloq Turan Rzayev Tvit.az-a açıqlamasında bildirib.
Politoloqun sözlərinə görə, məsələ ondadır ki, İsrailin son hərbi əməliyyatları nəticəsində Qəzzada yaranan humanitar fəlakət bu ölkəni beynəlxalq səviyyədə ciddi təcrid təhlükəsi ilə üz-üzə qoyub.
“BMT, Avropa ölkələri və bir sıra regional güclər İsrailin addımlarını açıq şəkildə tənqid etməyə başladı, dünya ictimaiyyəti isə onu “soyqırıma cəhd”də ittiham edən mövqe sərgiləyib. ABŞ də bu müddət ərzində İsrailə tam dəstək göstərdiyi üçün beynəlxalq təzyiqlərin mərkəzinə düşüb. Belə bir vəziyyətdə Vaşinqton bu dəstəyi davam etdirməkdə həm siyasi, həm də imic baxımından çətinlik yaşayırdı. Sammit məhz bu kontekstdə ABŞ üçün vəziyyəti nəzarətə almaq və beynəlxalq reaksiyanı neytrallaşdırmaq məqsədilə alət funksiyasını yerinə yetirdi. Vaşinqton atəşkəsi təşviq etməklə bir tərəfdən Təl-Əvivi açıq ittihamdan qorumağa, digər tərəfdən isə özünü sülh təşəbbüskarına çevirməyə çalışdı. Bu, həm də İsraili əməliyyatların tempini azaltmağa məcbur edən, lakin onu tam geri çəkilməyə məcbur etməyən kompromis idi. ABŞ bu prosesdə həm sülhü təşviq edən qlobal güc obrazını bərpa etmək, həm də bölgədə təsir imkanlarını qorumaq niyyətindədir. Çünki əks halda, Qəzza əməliyyatları beynəlxalq imici zədələməklə yanaşı, “İbrahim Sazişləri” ilə nail olunmuş ərəb–İsrail yaxınlaşmasını da çökmə nöqtəsinə gətirib çıxara bilərdi”.
Turan Rzayev qeyd edib ki, sammitin bir digər hədəfi də İsraili hərbi və siyasi baxımdan müəyyən qədər geri çəkilməyə məcbur etmək, o cümlədən ABŞ-nin bölgədə təşəbbüs sahibi kimi mövqeyini qorumaq idi. Bu addım eyni zamanda Təl-Əvivin sərt mövqeyini tənzimləyərək onu qlobal təzyiqlərdən çıxarmağa yönəlmiş zəruri diplomatik manevrdir.
Elmin Alışov