"Mingəçevirdə 16 saylı körpələr evi-uşaq bağçasında bir aya yaxındır işıq yanmır".
Bu şikayətlə "Qafqazinfo"ya bir qrup valideyn müraciət edib.
Onlar bildirib ki, uşaqlar hər gün qaranlıq otaqda otururlar: "Uşaqların çay və yemək yeməsi üçün qızdırıcı yoxdur. Belə olan halda uşaqlarımızı bağçaya qoymağa çətinlik çəkirik. Problem artıq 1 aydan çoxdur davam edir. Biz bununla bağlı aidiyyəti qurumlara müraciətlər də etmişik. Ancaq hələ ki heç bir nəticə yoxdur".
Məsələ ilə bağlı Mərkəzi-Aran Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən bağçada elektrik təchizatı ilə bağlı yaranmış vəziyyətlə bağlı məlumat daxil olan kimi müəssisəyə yerində baxış keçirilib: "Mövcud vəziyyət Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən araşdırılıb. Bildiririk ki, cərəyan blokunda yaranmış nasazlıq elektrik təchizatında fasilələrə səbəb olub.
Məsələ ilə bağlı aidiyyəti quruma məlumat verilib. Hazırda məsələnin həlli istiqamətində müvafiq addımlar atılır, məktəbəqədər təhsil müəssisəsinə mütəxəssislər cəlb edilib. Bərpa işləri sürətləndirilib".