Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Leyla Əliyevanın təşəbbüsü ilə agac.az mobil tətbiqi istifadəyə verildi
sosial

Leyla Əliyevanın təşəbbüsü ilə agac.az mobil tətbiqi istifadəyə verildi

26-11-2026 21:00 10 Views
IMG

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yaşıllıqların inventarlaşdırılması layihəsi çərçivəsində “agac.az” mobil tətbiqi istifadəyə verilib.

"Tvit.az" xəbər verir ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2022-ci ildən birgə həyata keçirilən layihə çərçivəsində hazırlanmış mobil tətbiq vətəndaşlara ağaclar haqqında məlumat əldə etmək və onların mühafizəsində birbaşa iştirak etmək imkanı verir.

Layihə çərçivəsində ölkə üzrə 212 mindən çox ağacın hər birinə fərdi QR kodlu nişan vurulub. Nişanlama zamanı ağacların yeri, növü, ölçüləri və mövcud vəziyyəti barədə məlumatlar elektron sistemə daxil edilib.

İstifadəçilər ağacların yerini interaktiv xəritədə görə və QR kodu oxudaraq müvafiq ağacın rəqəmsal məlumat kartına baxa bilərlər.

Ağacın quruduğunu, zədələndiyini və ya qulluğa ehtiyacı olduğunu müşahidə edən vətəndaşlar tətbiq vasitəsilə fotoşəkil əlavə edərək Nazirliyə məlumat göndərə bilərlər. Bu imkan qulluq tələb edən ağacların vaxtında müəyyənləşdirilməsinə, yaşıllıqların mühafizəsi üzrə görülən işlərin şəffaflığının artırılmasına və bu sahədə ictimai nəzarətin gücləndirilməsinə şərait yaradır.

Rəqəmsal uçotun interaktiv xəritə və ictimai iştirak imkanları ilə birləşdirilməsi şəhər yaşıllıqlarının idarə olunması üzrə qabaqcıl beynəlxalq təcrübəyə uyğundur. Sistemdə toplanan məlumatlar gələcəkdə süni intellektdən istifadə etməklə ağacların vəziyyətindəki dəyişiklikləri təhlil etmək, riskləri erkən müəyyənləşdirmək və qulluq tədbirlərini planlaşdırmaq üçün əsas yaradır.

“agac.az” mobil tətbiqi hazırda iPhone istifadəçiləri üçün App Store-da əlçatandır.