ABŞ və İsraillə müharibə zamanı İranda əsas zərər hərbi fəaliyyətlə əlaqəsi olmayan mülki obyektlərə, o cümlədən xəstəxanalara və məktəblərə dəyib.
Tvit.az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) İrandakı nümayəndəliyinin rəhbər müavini Roman Paramonov TASS-a açıqlamasında bildirib.
“Təəssüf ki, İrana, ilk növbədə, mülki obyektlərə – xəstəxanalara, məktəblərə, yəni hərbi fəaliyyətlə heç bir əlaqəsi olmayan obyektlərə ciddi ziyan dəyib. Dinc əhali arasında çoxsaylı itkilər qeydə alınıb, ölkə iqtisadiyyatına ciddi zərər vurulub”, – deyə o bildirib.
Paramonov qeyd edib ki, su və elektrik təchizatı obyektlərinin dağıdılması səbəbindən xəstəxanaların təxliyə edilməsinə zərurət yaranıb. Müharibə nəticəsində çoxsaylı İran sakininin gündəlik həyat tərzi pozulub, təhsil müəssisələri bağlanıb, insanlar iş yerlərini itiriblər.
“Düşünürəm ki, mobil tətbiqlər vasitəsilə fəaliyyət göstərən azı 2 milyon iranlı rabitənin kəsilməsi səbəbindən gəlir mənbəyini itirib”, – deyə o əlavə edib.