OpenAI ChatGPT-nin daha geniş auditoriyaya çatdırılması üçün texnologiya ilə yanaşı, fitness, valideynlik, sahibkarlıq və gündəlik həyat mövzularında məzmun yaradan influenserlərlə əməkdaşlıq edir.
Tvit.az xəbər verir ki, Business Insider HypeAuditor məlumatlarına istinadən OpenAI-nin sponsorlu ChatGPT paylaşımlarının sayının iyunda 61, iyulda 122, avqustda isə 141 olduğunu yazıb. Beləliklə, sponsorlu paylaşımların sayı iyulda bir ay ərzində ikiqat artıb.
Şirkətin influenserlərlə əməkdaşlıqlarında kodlaşdırma və məhsuldarlıqla yanaşı, sağlamlıq, səyahət, təhsil, alış-veriş, ev layihələri və məzmun istehsalı kimi mövzular da ön plana çıxır. Məsələn, bəzi paylaşımlarda ChatGPT ilə təqdimat hazırlanması, uşaqların riyaziyyat tapşırıqlarında istifadəsi və məşq planlarının hazırlanması göstərilir.
OpenAI-nin bu strategiyası ChatGPT-ni insanları əvəz edən texnologiyadan daha çox gündəlik işlərdə köməkçi vasitə kimi təqdim etmək məqsədi daşıyır. Şirkət eyni zamanda Instagram, Facebook, TikTok və Snapchat kimi platformalarda təcrübəli əməkdaşları da komandasına cəlb edir.
Bununla belə, influenserlərlə əməkdaşlıqlar da birmənalı qarşılanmır. OpenAI-nin kampaniyalarında iştirak edən bəzi məzmun yaradıcıları izləyicilərinin tənqidi ilə üzləşib.
Aysel Şirinova