Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport AFFA səkkiz komandaya texniki məğlubiyyət verdi
sport

AFFA səkkiz komandaya texniki məğlubiyyət verdi

06-11-2026 15:00 14 Views
IMG

AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə liqalarda keçirilən və ya təxirə salınan oyunlarla bağlı səkkiz komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

 

Tvit.az xəbər verir ki, qərarlar qurumun İntizam Komitəsinin iclasında qəbul edilib.

 

Gənclər Liqasında noyabrın 1-də keçirilən "İmişli" - "Lion" matçında qonaqlar 29-cu dəqiqədə meydanı tərk ediblər. Bu səbəbdən onlara texniki məğlubiyyət verilib, həmin ana qədər qeydə alınan hesab isə dəyişdirilməyib.

 

U-14 Liqasında oktyabrın 31-də baş tutmalı olan "Ağdam" - "Aran" (Beyləqan) görüşünə ev sahibləri, "Füzuli" - "Zəfər" (Bərdə) matçına isə qonaqlar gəlməyiblər. Hər iki komanda 0:3 hesablı texniki məğlubiyyət alıb.

 

Noyabrın 1-də keçirilməsi planlaşdırılan "Qafqaz Arena" - "Zəfər" və "Şamaxı" - "Çinar" (Göyçay) qarşılaşmalarında da qonaq komandalar meydana çıxmaqdan imtina ediblər. Nəticədə "Zəfər" və "Çinar"a 0:3 hesablı məğlubiyyət yazılıb.

 

U-13 Liqasında oktyabrın 31-də keçirilməli olan "Universal Football Academy" - "Məhəllə Uşaqları" (Sumqayıt) matçında qonaqların təyin olunan vaxtda meydanda olmaması da eyni cəza ilə nəticələnib.

 

U-10 Liqasında isə oktyabrın 31-də keçirilən "Kürdəmir" - "Çinar" (Göyçay) oyunu erkən başa çatıb. Qarşılaşmanın 5-ci dəqiqəsində "Çinar"ın heyətində sənədləri qaydasında olmayan futbolçu müəyyən edilib. Komandada yetərsay olmadığı üçün matç dayandırılıb və Göyçay təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Həmin gün keçirilməli olan "Şamaxı" - "Çərəkə" (Göyçay) görüşünə vaxtında gəlməyən qonaqlar da 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar.