Apple şirkətinin iOS 27 yeniləməsi ilə süni intellekt sahəsində əsas yenilikləri təqdim etməyə hazırlaşdığı bildirilir.
Tvit.az xəbər verir ki, Siri-dən mətn alətlərinə qədər bir çox sistemin əhəmiyyətli dərəcədə təkmilləşdiriləcəyi gözlənilir. İstifadəçilərə fərqli süni intellekt modelləri arasında seçim imkanı təqdim olunmasının da gündəmdə olduğu qeyd edilir.
Sızmalara görə, iPhone istifadəçiləri artıq yalnız Apple-ın öz süni intellekt sistemləri ilə məhdudlaşmaya bilər. Şirkətin Gemini və Claude kimi üçüncü tərəf süni intellekt modellərinə dəstək təqdim edə biləcəyi iddia olunur.
iOS 27-nin ən diqqətçəkən yeniliklərindən birinin Siri olacağı bildirilir. Apple-ın Siri-ni istifadəçi vərdişlərini daha yaxşı anlayan və daha təbii danışan sistemə çevirmək istədiyi vurğulanır. Bəzi iddialara görə, Siri istifadəçi əmrlərinə əsasən avtomatik şəkildə qısa yollar da yarada biləcək.
Şirkətin “Yazı Alətləri” üçün də mühüm yeniliklər hazırladığı bildirilir. Yeni sistemin yalnız mətn korreksiyası deyil, həm də məzmun yaratmaq və yenidən yazmaq baxımından daha güclü olacağı qeyd edilir.
Xüsusilə, “Mənə yazmağa kömək et” adlı yeni funksiya vasitəsilə istifadəçilərin mesaj, e-poçt və ya qeyd yazarkən süni intellekt dəstəyini daha intensiv hiss etmələri gözlənilir. Bundan əlavə, Grammarly-yə bənzər inkişaf etmiş qrammatika yoxlayıcısının da sistemə əlavə edilə biləcəyi bildirilir.
Aysel Şirinova