Zaminlik çox ciddi bir öhdəlikdir. Zamin olmaq o deməkdir ki, borclu öhdəliyini yerinə yetirmədiyi halda ona borc verən kreditor (bank və ya digər şəxs) borcu zamindən və borcalandan tələb edə bilər. O cümlədən də, məhkəmədə bununla bağlı iddia qaldıra bilər.
Təbii ki, əgər borc faktiki zamindən tutulacaqsa ( tam və ya qismən) zamin öz növbəsində ondan tutulan borc məbləğini məhkəmə yolu ilə borc alandan tələb edə bilər. Bu, qanuni yol ilə dəstəklənir.
Zaminlikdən çıxmaq isə birtərəfli qaydada mümkün deyil.
Əgər zamin istədiyi zaman çıxa biləcəkdisə onda bu prosesin əhəmiyyəti qalmır. Yalnız müəyyən hallarda zaminliyə xitam verilmiş olur. İlk növbədə borc müddəti bitəndən 1 il keçirsə, bank yaxud borcverən məhkəməyə müraciət etməyibsə, zaminliyə xitam verilir. Burada diqqət edilməli digər məqam ondan ibarətdir ki, zaminlik müqaviləsində başqa müddət nəzərdə tutulmasın. Məsələn, kredit 3 illik müddətə verilib, zamin var. 3 il bitdi, borc qaytarılmadı, 1 il də bitdi, bank məhkəməyə verməyibsə, zaminliyə xitam verilmiş hesab olunur. Artıq bank yalnız borcalandan borcunu tələb edə bilər.