Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə IV Avropa Konfransında iştirak edib
siyasət

Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə IV Avropa Konfransında iştirak edib

05-12-2025 22:00 27 Views
IMG

Avstriyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə IV Avropa Konfransında iştirak edib.

 

Azərbaycanın Xarici işlər Nazirliyindən Tvit.az-a verilən məlumata görə, tədbir Azərbaycanın strateji baxışını və xarici siyasət prioritetlərini müzakirə etmək üçün siyasətçiləri, beyin mərkəzlərini, akademikləri və müstəqil ekspertləri bir araya toplayıb.


Dəyirmi masa zamanı nazir Azərbaycanın sabitləşdirici qüvvə kimi regional rolunun genişləndiyini vurğulayıb.

 

Nazir çoxtərəfli əməkdaşlığın daha çox etimad və effektivlik tələb etdiyi bir vaxtda Azərbaycanın müxtəlif formatlarda əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib.

 

Diplomat Azərbaycanın 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsi, regional və qlobal məsuliyyət mövzusu altında davamlı urbanizasiya, dayanıqlı mənzil, təmiz enerji infrastrukturu və iqlim maliyyəsinin səfərbərliyini birləşdirəcək qlobal platformalar barədə məlumat verib.

 

Ceyhun Bayramov həmçinin, 8 avqustda keçirilmiş Vaşinqton Sülh Zirvə Toplantısının nəticələrinə toxunub, Üçtərəfli Birgə Bəyannamənin və digər mühüm sənədlərin imzalanmasını xatırladıb.

 

O, ATƏT-in Minsk Prosesi strukturlarının bağlanmasının başa çatdığını və bunun regionda yeni münaqişədən sonrakı reallığın beynəlxalq səviyyədə tanınması anlamına gəldiyini vurğulayıb.

 

Ceyhun Bayramov Xəzər və Qara dəniz regionlarını birləşdirən nəqliyyat və enerji dəhlizlərinin gücləndirilməsinin əhəmiyyətini qeyd edərək, Azərbaycanın bütün tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyib. O, sülhün, regional əlaqənin, iqtisadi təhlükəsizliyin və davamlı inkişafın ölkənin gələcək diplomatik fəaliyyətinin əsas prioritetləri olaraq qalacağını bildirib.