Azərbaycan və Türkiyə nümayəndələri arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib.
Bu barədə Tvit.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Serdar Salmanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
MMU-nun Hərb Oyunları Mərkəzində keçirilən tədbirdə general-mayor Arif Həsənov Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri üzərində qurulduğunu bildirib.
O, bu müttəfiqliyin hər iki ölkədə hərbi təhsilin inkişafına verdiyi faydalardan danışıb. Azərbaycan Ordusunda hərbi təhsil sahəsində tətbiq edilən islahatların müsbət nəticələrini diqqətə çatdırıb.
Professor S.Salman isə öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
Tədbirdə MMU və tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin yaranma tarixləri, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyətləri haqqında brifinq təqdim olunub.