Azərbaycan və Litva Ermənistanın yeni konstitusiya layihəsini müzakirə ediblər.
Tvit.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə brifinqdə deyib.
Nazir həmçinin bildirib ki, görüş zamanı BMT və onun ixtisaslaşmış qurumları, Avropa İttifaqı, ATƏT, NATO və digər platformalar çərçivəsində əməkdaşlıqla bağlı faydalı fikir mübadiləsi aparılıb.
C.Bayramov eyni zamanda Azərbaycan-Ermənistan münasibətləri və Vaşinqton görüşündən sonra baş verən proseslər barədə litvalı həmkarına məlumat verdiyini söyləyib:
"Bir sıra müsbət mənada inkişaflar müşahidə edilir. Bundan həm ötən ildən başlayaraq tranzit yüklərin daşınmasına başlanılması faktoru ötən ilin dekabrından Ermənistana bir sıra məhsulların, həmçinin neft məhsullarının ölkəmiz tərəfindən təchiz edilməsinin, hazırda həmin nomenklaturanın artırılması istiqamətində iki ölkə arasında danışıqların getməsi, rəsmi nümayəndə heyətləri, dövlət qurumları arasında təmasların intensivləşdirilməsi, vətəndaş cəmiyyəti nümayəndələri arasında etimad quruculuğu tədbirlərinin artırılması və s. elementlər - yəni sülh prosesinin möhkəmləndirilməsinə xidmət edir".
Nazir əlavə edib ki, son günlər Ermənistanda yeni konstitusiya layihəsinin dərc edilməsi, TRİPP layihəsinin real olaraq fəaliyyətə başlaması və bir sıra digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.