Qazaxıstan xarici işlər nazirinin müavini Arman İsaqaliyev Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində krallığın xarici işlər nazirinin birinci müavini Vəlid əl-Xureyci ilə görüşüb.
Tvit.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Səudiyyə Ərəbistanının rəhbərliyi və xalqı ilə həmrəy olduğunu bildirib.
Görüş zamanı İsaqaliyev Prezident Kasım-Jomart Tokayevin Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salmana ünvanladığı məktubu təqdim edib.
Məktubda Qazaxıstanın Səudiyyə Ərəbistanının rəhbərliyi və xalqı ilə həmrəyliyi, eləcə də krallığın vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və mülki infrastrukturun qorunması istiqamətində səylərinə dəstəyi ifadə olunub.
Səudiyyə Ərəbistanı tərəfi Qazaxıstanın bu addımını yüksək qiymətləndirərək göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Tərəflər, həmçinin regiondakı vəziyyət, ikitərəfli münasibətlərin inkişaf perspektivləri və xarici siyasət qurumları arasında əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Görüşün yekununda müntəzəm siyasi dialoqun davam etdirilməsinin və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.
Aysel Şirinova