Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Seymur Mərdəliyev: Ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası davam edəcək
sosial

Seymur Mərdəliyev: Ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası davam edəcək

10-09-2026 20:00 9 Baxış
IMG

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Kiyev vilayəti administrasiyanın rəhbəri Timur Tkaçenko ilə görüşüb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, görüşdə T. Tkaçenko Kiyev vilayətinə göstərdikləri həmrəylik və sarsılmaz dəstəyə görə səfirə, Azərbaycan hökumətinə və xalqına səmimi qəlbdən minnətdarlığını bildirib.

"Effektiv tərəfdaşlığın bariz nümunəsi İrpenin bərpasıdır. Azərbaycanın köməyi sayəsində burada akademik Zərifə Əliyeva adına Dilçilik Liseyi artıq müasir sığınacaqla birlikdə yenidən qurulub. Şəhər poliklinikası təmir edilib və vacib enerji avadanlıqları köçürülüb. Biz həmçinin humanitar təşəbbüsləri, xüsusən də Azərbaycanda uşaqlarımızın reabilitasiyasını yüksək qiymətləndiririk. Bundan əlavə, bu ay İrpen şəhər marşrutları üçün 5 elektrik avtobusunun gəlişini gözləyirik", - T. Tkaçenko vurğulayıb.

Görüş zamanı gələcək prioritetlərə diqqət yetirilib. İrpendə növbəti böyük yenidənqurma paketi üzərində işdən danışılıb. Dağıdılmış binanın yerinə çoxmənzilli binanın tikintisi, Gənclər və İdman Məktəbinin, Mərkəzi Mədəniyyət Evinin bərpası və yeni müasir incəsənət mərkəzinin yaradılması müzakirə edilib.

S. Mərdəliyev isə öz növbəsində Azərbaycanın humanitar yardımlarının davam edəcəyini, xüsusilə ukraynalı uşaqların reabilitasiyasının Azərbaycanda hər ay davam edəcəyini vurğulayıb: "İndiyədək 660 uşaq göndərilib. Növbəti qruplar Kiyev vilayətindən təşkil olunur".

Səfir eyni zamanda Kiyev vilayəti ilə Azərbaycanın regionları arasında qarşılıqlı memorandumların imzalanmasından da danışıb.

Görüşdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşavirləri Fərid Babayev və Rövşən Məmmədov da iştirak ediblər.