Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Üç Çin avtomobil istehsalçısı ilk dəfə qlobal bazarın ilk 10-luğuna daxil olub
digər

Üç Çin avtomobil istehsalçısı ilk dəfə qlobal bazarın ilk 10-luğuna daxil olub

05-08-2026 22:00 22 Baxış
IMG

Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) baş katibi Cui Donqşunun (Cui Dongshu) açıqladığı məlumatlara əsasən, 2026-cı ilin ilk altı ayında bazar payına görə üç Çin avtomobil istehsalçısı dünyanın ən böyük 10 avtomobil şirkəti sırasına daxil olub. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, o, bildirib ki, son on ildə Çin brendləri qlobal avtomobil bazarında mövqelərini əhəmiyyətli dərəcədə gücləndiriblər.

 

Məlumata görə, BYD 4,8% qlobal bazar payı ilə altıncı yerdə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, şirkətin bazar payı 2016-cı ildə cəmi 0,6% təşkil edirdi. BYD 2025-ci ildə isə 5,4%-lik bazar payına nail olmuşdu. Bununla belə, 2026-cı ilin ilk yarısı şirkət üçün daha çətin keçib. China EV DataTracker-ın məlumatına əsasən, BYD bu dövrdə Çində 795 min 169 avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45,9% azdır.

 

Geely Holding Group 4,6% bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Şirkətin qlobal bazar payı 2016-cı ildə 1,5% idi. Geely Holding Group-un göstəricilərinə Volvo, Smart, Polestar, Lotus, Proton və qrupun idarə etdiyi digər avtomobil markalarının satışları da daxildir.

 

Chery isə 4,1% bazar payı ilə doqquzuncu yeri tutaraq Ford ilə eyni göstəricini bölüşüb. Şirkətin bazar payı on il əvvəl cəmi 0,8% idi. Chery hazırda Çinin aparıcı avtomobil ixracatçılarından biri hesab olunur.

 

İlk onluğa düşə bilməyən digər Çin istehsalçıları arasında SAIC 3,7% bazar payı ilə 11-ci, Changan 1,9% ilə 17-ci, GWM 1,8% ilə 18-ci, BAIC 1,2% ilə 21-ci, Dongfeng isə 1,1% bazar payı ilə 23-cü yerdə qərarlaşıb.

 

Qlobal reytinqə liderlik edən avtomobil istehsalçısı isə 11%-lik bazar payı ilə Toyota olub. Volkswagen 8,1% ilə ikinci, Hyundai-Kia qrupu isə 7,6% bazar payı ilə üçüncü yerdə qərarlaşıb.

 

CPCA-nın məlumatına əsasən, Çin avtomobil istehsalçıları son on ildə həm daxili bazarda, həm də ixrac hesabına qlobal avtomobil sənayesində mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndiriblər.

 

Aysel Şirinova