Mercedes-Benz elektrikli avtomobil bazarında iddiasını artırmağa davam edir. Şirkət bu dəfə Mercedes-AMG xəttində yeni dövrün başlanğıcı hesab olunan tam elektrikli GT modelini rəsmi şəkildə təqdim edib.
Tvit.az xəbər verir ki, yeni model həm dizaynı, həm də yüksək performans göstəriciləri ilə diqqət çəkir. Mercedes-AMG bu avtomobildə ənənəvi V8 mühərrikindən imtina edərək tam elektrikli güc sistemi istifadə edib.
GT55 versiyası 815 at gücü və 1800 Nm fırlanma anı təklif edir. Seriyanın ən güclü modeli olan GT63 isə 1165 at gücü və 2000 Nm fırlanma anına malikdir. Avtomobil 0-dan 100 km/saat sürətə cəmi 2 saniyəyə çatır. Maksimal sürət isə 300 km/saat ilə məhdudlaşdırılıb.
Şirkətin açıqlamasına görə, model xüsusi hazırlanmış 106 kVt/saat tutumlu batareya sistemi ilə təchiz olunub. Tam enerji doldurulması ilə avtomobilin 700 kilometrə qədər məsafə qət edə bildiyi bildirilir.
Yeni GT modeli eyni zamanda 600 kVt gücündə sürətli enerji doldurma texnologiyasını dəstəkləyir. Bu texnologiya sayəsində avtomobili cəmi 10 dəqiqə ərzində 460 kilometrlik yürüş üçün kifayət qədər enerji ilə doldurmaq mümkündür.
Aysel Şirinova