Niderland 2028-ci ilə qədər Rusiya ilə mümkün münaqişəyə texniki baxımdan hazır olacaq.
Tvit.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyində dövlət katibi Qeys Teynman BNR radiosunun efirində bildirib.
O, müvafiq suala cavab olaraq deyib:
“2028-ci ilin sonuna qədər hər şey qaydasında olacaq. Bu, artıq uzaq tarix deyil. Niderlanda konkret baxsaq, bunu açıq şəkildə deyə bilərəm: tanklarımız hazır olacaq, əlavə F-35 qırıcılarımız olacaq. Sifariş etdiyimiz artilleriya sistemləri də 2028-ci ildə təhvil veriləcək.”
Fevralın 13-də Teynman həmçinin bildirib ki, Niderland Müdafiə Nazirliyi mümkün genişmiqyaslı münaqişəyə hazırlıq məqsədilə hərbi imkanlarını genişləndirməyi planlaşdırır.
Bildirilib ki, müdafiə qurumu yaxın vaxtlarda Şimal dənizi akvatoriyasının təhlükəsizliyini təmin etmək üçün radiolokasiya sistemləri, zirehli texnikalar, eləcə də yaralıların daşınması üçün mobil hospital kimi təchiz olunmuş xüsusi qatarlar almağı nəzərdə tutur.
Aysel Şirinova