Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Prezident İlham Əliyev çıxışında Azərbaycan dilinin qorunmasının vacibliyini xüsusi vurğulayıb və alimləri bu istiqamətdə dəstək göstərməyə çağırıb.
Bəs ana dilinin saflığının qorunması üçün hansı addımlar atılacaq?
Tvit.az Bizim.media-ya istinadla xəbər verir ki, AMEA-nın prezidenti İsa Həbibbəyli Azərbaycan dilinin elmi qrammatikası üzərində uzunmüddətli işlərin aparılmasının akademiyanın prioritet istiqamətlərindən olduğunu deyib:
"Azərbaycan dilinin elmi qrammatikası məhz AMEA-da həyata keçirilən uzunömürlü layihələrdən biridir. Müstəqillik dövrünün çağırışları Azərbaycan dilinin qrammatikasının milli ideologiya əsasında yenidən formalaşdırılmasını zəruri edir", - deyə İsa Həbibbəyli bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin dilin qorunması ilə bağlı tapşırıqları müasir dövrün reallıqlarına tam uyğun gəlir. Bu istiqamətdə akademiyada bir sıra fundamental elmi tədqiqatlar aparılır, nəşrlər hazırlanır:
"Hazırda Azərbaycan dilinin daxili imkanları hesabına zənginləşdirilməsi, lazımsız texnologiya və yad təsirlərdən qorunması üçün lüğətlər, ensiklopediyalar üzərində iş gedir. Artıq fonetika və leksika kitabları çapdan çıxıb. Yaxın vaxtlarda sintaksis və leksikologiya kitabları da nəşr olunacaq. Bundan başqa, nitq mədəniyyəti kitabı üzərində iş aparılır".
O qeyd edib ki, AMEA qarşıya qoyulan məqsədlərə əməli işlərlə və real tədqiqatlarla cavab verməyi planlaşdırır:
"Biz Azərbaycan Prezidentinin çağırışına cavab olaraq dilimizin inkişafı və saflığının qorunması istiqamətində praktiki addımlar atacağıq".