Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi
sosial

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

12-05-2025 16:00 21 Просмотров
IMG

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz-yay gursululuq dövrü müşahidə olunur.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, bu dövrdə çaylarda suyun səviyyəsinin artması təbii proses sayılır.

 

Kür çayı üzərində yerləşən Şəmkir, Yenikənd və Mingəçevir su anbarlarında çoxillik nizamlama rejiminə uyğun olaraq su yığımı həyata keçirilir. Mingəçevir su anbarından artıq suların aşağıya ötürülməsi Nazirlər Kabineti və digər aidiyyəti qurumlarla razılaşdırılaraq daimi nəzarət altında saxlanılır.

 

2010-cu il daşqın hadisələrindən sonra ötən 15 il ərzində Kür çayı boyunca bəndlərin hündürlüyünün artırılması və möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Hər il olduğu kimi, cari ildə də bu tədbirlər üçün ayrılan vəsait çərçivəsində müvafiq istismar işləri davam etdirilir.

 

Keçən müddət ərzində Kür çayında suyun səviyyəsi məcrasından yuxarı qalxmayıb. Son günlərdə bəzi ərazilərdə su səviyyəsi mühafizə bəndinin alt oturacaqlarına qədər yaxınlaşıb. Bununla belə, hazırda Kür çayında orta su səviyyəsi mühafizə bəndinin üst qeydiyyat nöqtəsindən 3,5 metr aşağıdadır.

 

Bildirilib ki, bəzi saytlarda və sosial şəbəkələrdə yayılan görüntülərdə Kür çayının subasma riski olan ərazilərində razılaşdırılmadan salınmış əkin sahələrinin qarşısında qurulmuş müvəqqəti tirələrin dağılması əks olunub. Qeyd olunub ki, bu görüntülər ərazilərdə yaşayan əhali, infrastruktur obyektləri və yaşayış məntəqələri üçün heç bir təhlükə yaratmır. Əsas qoruyucu mühafizə bəndlərində hər hansı bir risk müşahidə edilmir.

 

Hazırda mühafizə bəndlərində fasiləsiz monitorinq aparılır, bütün ərazilər nəzarətdə saxlanılır və qabaqlayıcı tədbirlər davam etdirilir. Son günlərdə suyun səviyyəsinin qalxması ilə əlaqədar maşın-mexanizmlər növbəli qrafik əsasında mühafizə bəndlərinin üzərində fasiləsiz yerləşdirilib.

 

Bu səbəbdən, Kür çayında suyun səviyyəsinin artması fonunda Sabirabad rayonu və digər ərazilərdə daşqın təhlükəsi ilə bağlı hər hansı bir narahatlıq mövcud deyil.