Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfəri zamanı Rusiya tərəfi ilə Bakı ilə Moskva arasında münasibətlərin hazırkı vəziyyətini, o cümlədən Azərbaycan tərəfini narahat edən məsələləri müzakirə edib.
Report-un məlumatına görə, səfər zamanı o, bir sıra yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşlər keçirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, prezident köməkçisi Yuri Uşakov, Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Qriqori Karasin, xarici işlər nazirlərinin müavinləri Mixail Qaluzin və Andrey Rudenko ilə danışıqlarda Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi, eləcə də institusional inkişaf və formatın beynəlxalq təşkilata çevrilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər iki ölkə arasında dialoqun hazırkı səviyyəsini yüksək qiymətləndirib, ikitərəfli və çoxtərəfli əməkdaşlığın, o cümlədən parlament diplomatiyasının davam etdirilməsinin vacibliyini qeyd ediblər. Dayanıqlı ikitərəfli əməkdaşlığın əsası hesab edilən 22 fevral 2022-ci il tarixli Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Danışıqlarda həmçinin Bakı ilə Moskva arasında münasibətlərin hazırkı vəziyyəti, o cümlədən Azərbaycan tərəfini narahat edən məsələlər də müzakirə olunub. Tərəflər Cənubi Qafqazda və Xəzər regionunda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin vacibliyini vurğulayıblar.
Görüşlər konstruktiv və işgüzar şəraitdə keçib.