Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sənədlərini nazirliyə təqdim edən plastik cərrahların sayı açıqlandı
sosial

Sənədlərini nazirliyə təqdim edən plastik cərrahların sayı açıqlandı

31-01-2025 17:00 25 Просмотров
IMG

Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

"Tvit.az" xəbər verir ki, Komissiya tərəfindən ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) Səhiyyə Nazirliyinə şəxsən 2025-ci il 31 yanvar tarixinədək təqdim edilməsi müəyyənləşib. Bu barədə müxtəlif media vasitəsilə bir neçə dəfə elanlar verilib.

Göstərilən tarixədək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.