Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniyada “Leyptsiq” və İngiltərənin “Aston Villa” komandası arasında keçirilmiş IV tur matçında maraqlı hadisə baş verib.
"Tvit.az" xəbər verir ki, oyun başa çatdıqdan sonra köməkçi hakim Alessandro Qiallatini göz yaşlarını saxlaya bilməyib.
Bu hadisə Almaniya təmsilçisinin baş məşqçisi Marko Rozenin gözündən yayınmayıb. M.Rozen komandasının 2:3 hesablı məğlubiyyətinə baxmayaraq, hakimin yanına gedərək onu qucaqlayıb və təsəlli verməyə çalışıb.
İtaliyalı hakimin göz yaşlarının səbəbi sonradan məlum olub. O, baş məşqçiyə 49 yaşının tamam olduğunu və həmin gün son matçına çıxdığını söyləyib.
Mütəxəssis bu münasibətlə A.Qiallatinini təbrik edib və ailəsi ilə daha çox vaxt keçirəcəyi üçün şanslı olduğunu bildirib. Sonra hakimə komandanın forması hədiyyə edilib.
Qeyd edək ki, 2013-cü ildən hakim kimi fəaliyyət göstərən Alessandro Giallatini 2020-ci il Avropa çempionatı və 2022-ci il dünya çempionatında da iştirak edib.