2026-cı ilin ikinci rübündə dünyada ən çox satılan smartfon modelləri açıqlanıb. Counterpoint Research-in məlumatına görə, Apple və Samsung qlobal reytinqdə dominantlığını davam etdirib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, aprel-iyun aylarını əhatə edən ikinci rübdə iPhone 17 dünyanın ən çox satılan smartfonu olub. Model qlobal smartfon satışlarının 6 faizini təşkil edib. İkinci və üçüncü yerləri isə iPhone 17 Pro Max və iPhone 17 Pro tutub.
Ümumilikdə, ilk 10-luqda Apple və Samsung-un hərəsinin beş modeli yer alıb. Bu modellər birlikdə qlobal smartfon satışlarının 26 faizini təşkil edib. Bu, ikinci rüblər üzrə indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Counterpoint Research-in reytinqinə əsasən, ən çox satılan 10 smartfon modeli belə sıralanıb:
iPhone 17
iPhone 17 Pro Max
iPhone 17 Pro
Samsung Galaxy S26 Ultra
Samsung Galaxy A07
Samsung Galaxy A17
iPhone 17e
Samsung Galaxy A17 4G
Samsung Galaxy S26
iPhone 16
Samsung-un Galaxy S26 Ultra modeli reytinqdə Android smartfonları arasında ilk pillədə qərarlaşıb. Counterpoint Research qeyd edir ki, bu, ultra-premium Android modelinin ikinci rüb üzrə reytinqdə ilk dəfə ən yüksək nəticəni göstərməsidir.
Qeyd edək ki, 2026-cı ilin ikinci rübündə qlobal smartfon tədarükü illik müqayisədə 11 faiz azalıb. Counterpoint Research bu geriləmədə yaddaş çiplərinin çatışmazlığının əsas amillərdən biri olduğunu bildirir. Buna baxmayaraq, daha yüksək qiymətli modellərə tələbatın artması istehsalçıların gəlirlərinin yüksəlməsinə imkan verib.
Aysel Şirinova