Apple Music platformasında süni intellektlə yaradılan musiqilərin etiketlənməsi sistemini tətbiq etməyə hazırlaşır. Kontent provayderləri üçün məcburi olacaq yeni qayda istifadəçilərə dinlədikləri mahnıların süni intellektdən istifadə edilərək yaradılıb-yaradılmadığını görməyə imkan verəcək.
Tvit.az-ın xarici mediaya istinadən məlumatına görə, Striminq platformalarında süni intellektlə yaradılan musiqilərin sayı sürətlə artır. Deezer-in məlumatına görə, platformaya hər gün tamamilə süni intellekt tərəfindən yaradılan təxminən 75 min trek yüklənir. Bu, gündəlik yeni yükləmələrin 44 faizini təşkil edir.
Apple Music bu tendensiyaya cavab olaraq nəşriyyat tərəfdaşlarından məzmunun hazırlanmasında süni intellektdən istifadə barədə məlumat vermələrini tələb edir. Yeni sistemin ilin sonlarında istifadəyə verilməsi gözlənilir.
Etiketləmə sistemi necə işləyəcək?
Yeni qaydalara əsasən, trekin əhəmiyyətli hissəsi Suno və ya Udio kimi süni intellekt platformalarından istifadə edilməklə hazırlanıbsa, yükləyici bunu sistemdə qeyd etməli olacaq.
Əvvəllər süni intellektdən istifadənin göstərilməsi ilə bağlı əlavə etiketlər distribyutorların seçimindən asılı idisə, yeni qayda bu prosesi məcburi edəcək.
Süni intellektlə yaradılan musiqilərin sürətlə yayılması məzmunun müəllifliyi, orijinallığı və müəllif hüquqları ilə bağlı müzakirələri də gücləndirib. Apple Music-in yeni addımının əsas məqsədlərindən biri istifadəçiləri məzmunun mənşəyi barədə daha şəffaf məlumatlandırmaqdır.
Aysel Şirinova