Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları 90-100 və daha yuxarı yaşda olan insanlarda zədələnmiş və xərçəngli hüceyrələri məhv etmək qabiliyyətinə malik nadir immun hüceyrə növünün qeyri-adi dərəcədə yüksək fəallığını müəyyən ediblər.
Tvit.az xəbər verir ki, elmi işin nəticələri "Cell Press" jurnalında dərc olunub.
Alimlər 28 yaponiyalının qan nümunələrini analiz edərək yaş artdıqca onların orqanizmində sitotoksik CD4 T-hüceyrələrinin (CD4 CTL) nisbətinin artdığını müəyyənləşdiriblər.
Normal halda bu hüceyrələrə nadir hallarda rast gəlinir. Onlar T-helper hüceyrələrinə aid olsalar da, infeksiyaya yoluxmuş, zədələnmiş və xərçəngə çevrilmə riski daşıyan hüceyrələri birbaşa məhv etmək qabiliyyətinə malikdirlər.
70-90 yaş arası iştirakçılarda CD4 CTL hüceyrələrinin payı təxminən 4 faiz təşkil edib. 100 yaşına çatmış şəxslərdə bu göstərici 9.6 faizə, 100 yaşdan yuxarı uzunömürlülərdə isə 17.6 faizə qədər yüksəlib. Bununla yanaşı, hüceyrələr öz fəallığını qoruyub və heç bir tükənmə əlaməti göstərməyib.
Aparılan təhlillər göstərib ki, həmin hüceyrələrin sayının artması onların sürətlə çoxalması ilə əlaqədardır. İştirakçıların CD4 CTL hüceyrələrinin orta hesabla üçdə biri eyni başlanğıc hüceyrədən yaranan klonlardan ibarət olub. Hətta uzunömürlülərdən birində bu cür hüceyrələrin təxminən yarısı ümumi bir əcdad hüceyrədən yaranıb.
Tədqiqatçılar bunu belə izah ediblər:
"Bu proses immun sisteminin qocalmaya uyğunlaşmasının bir hissəsi ola bilər. Yaşlandıqca orqanizmdə zədələnmiş, qocalmış və xərçəng potensialı daşıyan hüceyrələr toplanır ki, bu da immun müdafiəsinə əlavə yük yaradır. CD4 CTL hüceyrələrinin fəal şəkildə çoxalması həmin hüceyrələri vaxtında tanımağa və məhv etməyə kömək edə bilər".
Alimlər xüsusi olaraq vurğulayırlar ki, bu tədqiqat hələlik CD4 CTL hüceyrələrinin sayının artması ilə müstəsna uzunömürlülük arasında birbaşa əlaqəni sübut etmir. Bundan əlavə, araşdırma yalnız Yaponiyadan olan 28 nəfəri əhatə etdiyi üçün əldə olunan nəticələri avtomatik olaraq bütün dünya əhalisinə şamil etmək doğru olmaz.
Bütün bunlara baxmayaraq, yeni kəşf immun sisteminin qocalmasının onun zəifləməsi demək olmadığını göstərir. Əksinə, bəzi insanlarda immun sistemi yenidən formalaşaraq müəyyən müdafiə mexanizmlərini daha da gücləndirmək qabiliyyətinə malik ola bilər.