Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Neymar karyerasını bitirir? - Braziliyalı ulduzdan gözlənilən açıqlama
СПОРТ

Neymar karyerasını bitirir? - Braziliyalı ulduzdan gözlənilən açıqlama

04-08-2026 11:00 23 Просмотров
IMG

Braziliya milli komandasının tarixində ən yaxşı bombardir olan Neymar hələlik peşəkar karyerasını yekunlaşdırmaq barədə düşünmür.

 

Tvit.az xəbər verir ki, ulduz futbolçunun bu barədə açıqlamasını "Globo" portalı yayımlayıb.

 

"Karyeramı bitirməyi planlaşdırmıram, ancaq hələ nə qədər oynayacağımı da bilmirəm. "Santos"la dekabr ayına qədər müqaviləm var. Mən müqavilənin şərtlərinə əməl edərək "Santos"u layiqincə təmsil etmək niyyətindəyəm. Yalnız bundan sonra burada qalıb-qalmayacağımı, başqa kluba keçəcəyimi, yaxud futbol oynamağa davam edib-etməyəcəyimi düşünəcəyəm", - deyə Neymar bildirib.

 

Xatırladaq ki, Neymar iyul ayında Braziliya yığmasındakı çıxışını başa vurduğunu elan etmişdi. Hücumçu 2025-ci ildən etibarən yetirməsi olduğu və 2009-2013-cü illərdə şərəfini qoruduğu Braziliyanın "Santos" klubunda çıxış edir.

 

Hazırda 34 yaşı olan Neymar 2025-ci ilin yanvarında Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan "Santos"a transfer olunub. "Əl-Hilal"dan öncə isə o, Fransanın PSJ klubunun formasını geyinib. 2017-ci ildə Paris təmsilçisi onun transferi üçün İspaniyanın "Barselona" klubuna dünya futbolu üçün rekord məbləğ - 222 milyon avro ödəmişdi. PSJ ilə birlikdə futbolçu beş dəfə Fransa çempionu, dörd dəfə ölkə Superkubokunun, üç dəfə Fransa Kubokunun və iki dəfə Liqa Kubokunun qalibi olub.

 

Karyerası ərzində "Barselona"da da böyük iz qoyan Neymar Kataloniya klubu ilə iki dəfə İspaniya çempionatını, üç dəfə ölkə kubokunu, həmçinin hərəyə bir dəfə olmaqla Çempionlar Liqasını, UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb. Futbolçunun ilk klubu olan "Santos"la nailiyyətləri sırasına isə Braziliya Kuboku və Libertadores Kuboku daxildir.

 

Neymar Braziliya yığmasının tarixində ən sərrast bombardir statusunu daşıyır. O, milli komandanın heyətində keçirdiyi 130 matçda 80 qola imza atıb. Yığma ilə birlikdə Olimpiya Oyunlarının qızıl (2016) və gümüş (2012) mükafatçısı, Amerika Kubokunun gümüş mükafatçısı (2021) olan futbolçu, həmçinin 2013-cü ildə Konfederasiyalar Kubokuna sahib çıxıb. 2026-cı il dünya çempionatında o, 2023-cü ilin oktyabrından bəri ilk dəfə Braziliya millisinin formasını geyinib.