Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Google süni intellekt infrastrukturuna böyük investisiyalar yatıracağını açıqladı
ДРУГОЕ

Google süni intellekt infrastrukturuna böyük investisiyalar yatıracağını açıqladı

04-06-2026 23:00 15 Просмотров
IMG

Süni intellekt sahəsindən danışarkən ilk yada düşən şirkətlərdən biri, şübhəsiz ki, Google-dır. Şirkətin ana qurumu olan Alphabet son illərdə Gemini modelləri və süni intellekt texnologiyalarına yönəltdiyi böyük investisiyalarla diqqət çəkir. İndi isə şirkət bu istiqamətdə növbəti böyük addımını atmağa hazırlaşır.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Alphabet süni intellekt infrastrukturu və hesablama gücünün genişləndirilməsi məqsədilə 80 milyard dollar həcmində vəsait cəlb etməyi planlaşdırdığını açıqlayıb. Şirkətin bildirdiyinə görə, vəsait əsasən yeni məlumat mərkəzlərinin qurulmasına, hesablama imkanlarının artırılmasına və süni intellekt xidmətlərinə artan tələbatın qarşılanmasına yönəldiləcək. 

 

Maliyyələşdirmə planına 30 milyard dollarlıq açıq səhm təklifi, zamanla səhmlərin satışına imkan verən 40 milyard dollarlıq proqram və Berkshire Hathaway tərəfindən həyata keçiriləcək 10 milyard dollarlıq özəl investisiya daxildir. 

 

Alphabet həmçinin bildirib ki, 2026-cı ildə kapital xərclərinin 180–190 milyard dollar səviyyəsinə çatacağı gözlənilir. Şirkət 2027-ci ildə bu göstəricinin daha da artacağını proqnozlaşdırır. Rəhbərlik hesab edir ki, yeni kapital cəlbi balans hesabatının sağlamlığını qorumaqla yanaşı, süni intellekt sahəsindəki iri investisiyaların daha dayanıqlı şəkildə maliyyələşdirilməsinə imkan verəcək. 

 

Şirkət vurğulayıb ki, korporativ və fərdi istifadəçilər tərəfindən süni intellekt həllərinə olan tələbat mövcud imkanları üstələyir. Buna görə də infrastrukturun genişləndirilməsi Alphabet-in uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri hesab olunur.

 

Aysel Şirinova