Meta şirkəti Instagram üçün yeni ödənişli abunəlik modeli – “Instagram Plus” sisteminin sınaqlarına başlayıb.
Tvit.az xəbər verir ki, uzun müddətdir müzakirə olunan bu addım çərçivəsində istifadəçilərə əlavə funksiyalar təqdim ediləcək. “Instagram Plus” abunəliyinə qoşulan istifadəçilər adi istifadəçilərlə müqayisədə daha geniş imkanlara çıxış əldə edəcəklər.
Yeni sistem çərçivəsində istifadəçilərə göndərənin xəbəri olmadan hekayələrə baxmaq, paylaşılan hekayələrin neçə dəfə təkrar izlənildiyini görmək, hekayə müddətini əlavə 24 saat uzatmaq kimi funksiyalar təqdim olunacaq. Bununla yanaşı, hekayələrdə “super bəyənmə” imkanı, hekayə siyahısında konkret şəxsləri axtarma funksiyası və izləyiciləri müxtəlif siyahılara bölərək kontentin kimlərə göstəriləcəyini seçmək imkanı da olacaq.
Bildirilir ki, sistem hazırda Meksika, Yaponiya və Filippin kimi ölkələrdə test edilir. Abunəlik qiymətinin Meksikada təxminən 2 ABŞ dolları səviyyəsində olduğu, ilk ayın isə pulsuz təqdim edilə biləcəyi qeyd olunur.
Qeyd edək ki, bu xidmət Meta Verified modelindən fərqlənir. Belə ki, “Instagram Plus” əsasən gündəlik istifadəçilər üçün nəzərdə tutulub və platformada istifadə təcrübəsini genişləndirməyə yönəlib.
Ekspertlər hesab edir ki, Meta bu addımla platformadan əldə etdiyi gəlirləri artırmağı hədəfləyir. Yeni xidmətin nə zaman geniş istifadəyə veriləcəyi isə hələlik açıqlanmayıb.
Aysel Şirinova