Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial AMEA-nın vəzifəli şəxslərinin məhkəməsi başladı
sosial

AMEA-nın vəzifəli şəxslərinin məhkəməsi başladı

23-01-2026 14:00 32 Просмотров
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin direktoru Mehman Əliyev, baş mühasib Hasil Əskərov, ümumi işlər üzrə direktor müavini Namik Qasımovun, eləcə də onlarla əlbir olmaqda təqsirləndirilən vətəndaş Mehman Qəribovun məhkəməsi başlayıb.

Tvit.az "Report"a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 
Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
 
Növbəti iclas fevralın 3-nə təyin olunub.
 
 
Qeyd edək ki, sözügedən şəxslər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq cinayət işi başlanılıb.
 
İbtidai istintaqla müəyyən olunub ki, həmin mərkəzin direktoru Mehman Əliyev, baş mühasib Hasil Əskərov və ümumi işlər üzrə direktor müavini Namik Qasımov cinayət əlaqəsinə girərək vətəndaş Mehman Qəribovun köməkliyi ilə rəsmi sənədlərə yalan məlumatlar daxil ediblər.
 
İstintaq materiallarında qeyd olunub ki, onlar 2023-cü ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək əmək funksiyalarını icra etməyən şəxslərə əməkhaqqının ödənilməsi, qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi adı ilə dövlət büdcəsinin vəsaitini nağdlaşdırıb, onlara etibar edilən külli miqdarda pul vəsaitini talayıblar.
 
Mehman Əliyev və Hasil Əskərova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə), Namik Qasımova həmin Məcəllənin 179.2.1, 179.2.3, 179.2.4, Mehman Qəribova isə həmin Məcəllənin 32.5, 179.2.1, 32.5, 179.2.3, 32.5, 179.2.4 və digər maddələri ilə ittiham elan edilib.
 
Onlar barələrində polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə Mehman Əliyev və Namik Qasımov barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.