Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət NATO: "Azərbaycanla Ermənistanın sülh sazişi imzalaması regional təhlükəsizliyi gücləndirəcək"
siyasət

NATO: "Azərbaycanla Ermənistanın sülh sazişi imzalaması regional təhlükəsizliyi gücləndirəcək"

09-01-2026 19:00 51 Просмотров
IMG

"NATO normallaşma prosesində son inkişafları alqışlayır və Azərbaycanla Ermənistanın münasibətləri normallaşdırmaq və davamlı sülh sazişinə nail olmaq istiqamətində atdıqları bütün konstruktiv addımları dəstəkləyir".

 

Tvit.az xəbər verir ki, bunu APA-ya müsahibəsində NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikov deyib.

 

Onun sözlərinə görə, bu, Qara dəniz regionu üzrə sabitlik üçün böyük əhəmiyyət daşıyır:

 

"Biz bu prosesin birbaşa iştirakçısı deyilik, lakin münaqişələrin həllinə töhfə verən müttəfiqlərimizin səylərini hər zaman yüksək qiymətləndirmişik və dəstəkləmişik. Avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasını davamlı sülhə aparan yolda və region üzrə əlaqəliliyin açılmasında mühüm mərhələ kimi qiymətləndiririk. Bu isə öz növbəsində regional sabitliyi və təhlükəsizliyi gücləndirəcək, region ölkələri ilə NATO arasında tərəfdaşlıqları daha da möhkəmləndirəcək".


Aleksandr Vinnikov qeyd edib ki, Azərbaycan NATO-nun ən fəal tərəfdaşlarından biridir, Alyansın tərəfdaşlıq alətlərindən geniş istifadə edir və əməkdaşlığın daha da dərinləşdirilməsinə davamlı maraq göstərir:

 

"Bu kontekstdə Azərbaycan artıq regional təhlükəsizlik mühitində mühüm rol oynayır.

 

Gələcəyə baxdıqda, bu potensialın tam reallaşdırılması hərtərəfli, davamlı və qarşılıqlı qəbul edilən sülhə yönəlmiş ardıcıl səylərlə dəstəklənə bilər. Məhz buna görə Azərbaycan və Ermənistanı sülh sazişinin imzalanması, ratifikasiyası və tam icrası istiqamətində irəliləməyə təşviq edirik. Bu, Azərbaycanın regionun digər ölkələri ilə birlikdə Cənubi Qafqaz üzrə sabitliyin, əlaqəliliyin və əməkdaşlığın gücləndirilməsinə, kooperativ təhlükəsizlik prinsiplərinə uyğun şəkildə, tam diqqət ayırmasına imkan verəcək".