Həsənov Natiq Namiq oğlu maliyyə nazirinin yeni müavini təyin olunub.
Tvit.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev bu gün müvafiq sərəncam imzalayıb.
Beləliklə, bu təyinatdan sonra maliyyə nazirinin müavinlərinin sayı dördə çatıb.
Bu təyinatadək N.Həsənov Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb. O, bu vəzifəyə 2025-ci il martın 10-da təyin olunub.
N.Həsənov Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb. Hazırda İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aspirantıdır.
Əmək fəaliyyətinə 2001-ci ildə özəl sektorda başlayan N.Həsənov 2008-ci ilədək bir sıra şirkət və təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb
2008–2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sektorunun məsləhətçisi, 2011–2012-ci illərdə həmin nazirliyin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri olub.
2012–2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini, 2018–2025-ci illərdə isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb.
N.Həsənov ailəlidir, üç övladı var.