Türkiyə Qara dənizin təhlükəsizliyinin təminatçısı roluna və Ukraynada sülhə yaxındır.
Tvit.az xəbər verir ki bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Parisdə səfəri zamanı açıqlama verərkən səsləndirib.
O vurğulayıb ki, artıq 4 ildir davam edən Rusiya–Ukrayna müharibəsi üzrə danışıqlar mümkün və davamlı sülhə doğru irəliləyir.
“Düşünürəm ki, biz davamlı sülhə çox yaxınıq. Ən azı görürük ki, sülh üçün əsas əhəmiyyət kəsb edən məsələlər aktiv şəkildə müzakirə olunur. Qara dənizin təhlükəsizliyi isə regionda ən böyük donanmaya malik NATO üzvü kimi təbii olaraq Türkiyənin üzərinə düşür. Bu istiqamətdə mühüm irəliləyiş əldə olunub”, – deyə Fidan bildirib.
Türkiyəli nazir qeyd edib ki, Türkiyə Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri çərçivəsində Qara dənizin təhlükəsizliyinin təmin olunması üçün dəniz missiyasını üzərinə götürməyə hazırdır.
Fidan həmçinin mümkün sülh sazişindən sonra Ukraynanın iqtisadi bərpası məsələsinə xüsusi diqqət ayırıb.
“Yaraları sarmaq baxımından Türkiyədən daha bacarıqlı ölkə yoxdur. Biz həm öz resurslarımızı bərpa etməyi, həm də ehtiyacı olanlara kömək etməyi bacarırıq. Təcrübəmiz və biznes icmasının investisiyaları ilə Ukraynanın iqtisadi dirçəlişinə töhfə verə bilərik”, – deyə o vurğulayıb.
Aysel Şirinova