Qırğızıstan rabitə ehtiyacları, fövqəladə halların qarşısının alınması, kənd təsərrüfatının monitorinqi və ekoloji nəzarət üçün Azərbaycan peyklərinin imkanlarından istifadə etməkdə maraqlı olduğunu bildirib.
Tvit.az Qırğızıstan Nazirlər Kabinetinə istinadən xəbər verir ki, ölkənin baş nazirinin müavini - su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində "Azərkosmos"da olub.
B.Torobayev "Azərkosmos"un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanovla danışıqlar aparıb. Tərəflər kosmik texnologiyalar, peyk rabitəsi və rəqəmsal həllər sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
"Qırğız tərəfi Azərbaycan peyklərinin imkanlarından rabitə ehtiyacları, fövqəladə halların qarşısının alınması, kənd təsərrüfatının monitorinqi və ekoloji nəzarət üçün istifadə etməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, müasir peyk məlumatlarına çıxış dövlət idarəçiliyinin səmərəliliyini artırmağa və mühüm sosial-iqtisadi layihələri həyata keçirməyə imkan verəcək", - Nazirlər Kabinetinin məlumatında deyilir.
Azərbaycan tərəfi öz peyk sistemlərinin texniki potensialını, o cümlədən məlumatların ötürülməsi, ərazinin monitorinqi və kompleks rəqəmsal xidmətlərin göstərilməsi imkanlarını təqdim edib.
Səfərin yekunları üzrə tərəflər məsləhətləşmələrin davam etdirilməsi və Qırğızıstan üçün vacib sahələrdə peyk texnologiyalarının tətbiqi üzrə konkret layihələrin hazırlanması ilə bağlı razılığa gəliblər.