 
 Böyük Britaniya və Azərbaycan münasibətlərini strateji tərəfdaşlığa yüksəltmək barədə razılığa gəliblər ki, bu da əsas prioritetlər üzrə daha sıx əməkdaşlıq istiqamətində əhəmiyyətli bir addımdır.
Bu barədə Report-a müsahibəsində Böyük Britaniyanın Azərbaycan və Orta Asiya üzrə ticarət elçisi və Lordlar Palatasının üzvü Con Alderdays bildirib.
Ticarər elçisi qeyd edib ki, Böyük Britaniyanın yeni sənaye strategiyası ölkənin qlobal liderliyə malik olduğu səkkiz sektoru - təmiz enerji və qabaqcıl istehsaldan tutmuş rəqəmsal texnologiyalara və həyat elmlərinə qədər müəyyən edir.
"Bu sahələr qarşıdakı onillikdə Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl yaradır", - C.Alderdays vurğulayıb.
Lord bildirib ki, Böyük Britaniya qarşıdakı illərdə səylərini üç əsas sahəyə yönəldəcək.
"Birinci istiqamət bərpa olunan və aşağı karbonlu texnologiyaların inkişafı da daxil olmaqla təmiz enerjiyə keçidi dəstəkləməkdir. Böyük Britaniya dünyanın ən böyük dəniz külək elektrik stansiyası olan "Dogger Bank" layihəsini reallaşdırır və şəbəkələrarası birləşmələrin yaradılması və enerji sistemlərinin inteqrasiyası sahəsində böyük təcrübəyə malikdir. Bu təcrübə Azərbaycan üçün təmiz enerji və dekarbonizasiya strategiyasının həyata keçirilməsində oriyentir rolunu oynaya bilər", - ticarət elçisi əlavə edib.
Onun sözlərinə görə, ikinci istiqamət Orta Dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın strateji rol oynadığı Avropa ilə Asiya arasında nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsidir.
"Ada ticarət ölkəsi olaraq, Böyük Britaniya etibarlı sərhədyanı marşrutlara xüsusi əhəmiyyət verir. Ölkənin logistika, infrastruktur maliyyələşdirilməsi və tənzimləyici islahatlar sahəsindəki təcrübəsi Orta Dəhlizin tranzit marşrutundan regional artımı stimullaşdıran müasir iqtisadi arteriyaya çevrilməsinə kömək edə bilər", - C.Alderdays vurğulayıb.
Onun fikrincə, üçüncü istiqamət Azərbaycanın iqtisadi şaxələndirilməsini, xüsusən də maliyyə, texnologiya və səhiyyə sahələrində şaxələndirməni dəstəkləmək ola bilər.
"Böyük Britaniyanın innovasiya, təhsil və maliyyə bazarının inkişafı sahəsində liderliyi sahibkarlıq mühitinin gücləndirilməsinə, kapitala çıxışın yaxşılaşdırılmasına və davamlı, inklüziv iqtisadi artımın təmin edilməsinə kömək edə bilər", - ticarət elçisi əlavə edib.
 
   
   
   
   
   
   
   
   
   
    
   
   
   
  