Qarabağ Universitetinin Klinikası tərəfindən yeni tender elan edilib.
Tvit.az xəbər verir ki, tender təcili yardım avtomaşınlarının satınalınması ilə bağlıdır.
Tenderin ilkin ehtimal olunan qiyməti 835 min 421 manatdır. Bu məbləğə 3 ədəd təcili yardım avtomaşınının alınması nəzərdə tutulub. Bir nəqliyyat vasitəsinin orta qiyməti 278 min 473 manat təşkil edir.
Müraciətlərin son təqdim olunma tarixi 7 noyabrdır.
Qeyd edək ki, Azərbaycan Prezidenti 7 fevral 2025-ci ildə “Qarabağ Universitetinin Klinikası”nın yaradılması ilə bağlı fərman imzalayıb. Klinika Xankəndidə fəaliyyət göstərəcək, tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar hazırlığını təmin edəcək, elmi tədqiqatlar aparacaq və region əhalisinə tibbi xidmət göstərəcək.
Klinika publik hüquqi şəxs statusuna malikdir. Onun təsisçisi Azərbaycan Prezidentidir, yenidən təşkili və ləğvi isə Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək, Elm və Təhsil Nazirliyinə isə Klinikanın nizamnaməsini iki ay müddətində təsdiq etmək tapşırılıb.
Klinikanın fəaliyyətinin başlanğıcı üçün Qarabağ Universitetinə 5 milyon manat ayrılıb. O, mərhələli şəkildə özünümaliyyələşdirməyə keçənədək dövlət dəstəyi davam edəcək.