Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilib.
Vida mərasimində Xalq yazıçısının ailə üzvləri ilə yanaşı, bir sıra qələm adamları, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib ki, Elçin Əfəndiyevin vəfatı ədəbi sözümüzün itkisidir: "Elçin Əfəndiyev özünə məxsus yazı tərzi ilə ədəbiyyatımızda xüsusi iz qoyub. Onun əsərlərində tarixi hadisələr xüsüsi yer alır. O bizim üçün hər zaman yaşayacaq".
Daha sonra çıxış edən Xalq yazıçısı Anar ən yaxın dostunun vəfatından dərin sarsıntı keçirdiyini qeyd edib: "Mən ən yaxın dostumu itirdim. Bu, taleyin cəzasıdır, bəlkə də, mən dostlarımın dəfn mərasimində çıxış edirəm. Elçin mənim üçün çox vəfalı və etibarlı dost idi. Mən indi bilmirəm kimə zəng edəcəyəm. Yenə də deyirəm, bu mənim üçün taleyin cəzasıdır".
Sonda Elçin Əfəndiyevin qızı Humay Əfəndiyeva vida mərasimində iştirak edənlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, Xalq yazıçısı Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn ediləcək. Xalq yazıçısı Elçin Əfəndiyev dünən səhər saatlarında 82 yaşında vəfat edib./APA