Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var
turizm

Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var

15-07-2025 11:00 37 Views
IMG

Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olan şəxslərin cinayət işinin təfərrüatı məlum olub. Onlar Azərbaycan vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçiriblər.

"Tvit.az" Musavat.com-a istinadən xəbər verir ki, həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıblar.

Təqsirləndirilən 21 yaşlı Cavid Dünyamaliyev və 18 yaşlı Cəlil Cəlilovdur. Onlara qarşı Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, onlar Səhiyyə Nazirliyinin "e-health.gov.az" və Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sahibliklərində olan xüsusi serverlərə ötürüblər.

Daha sonra isə "Telegram" və digər sosial şəbəkələrdə yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını elan ediblər.

Onlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif nüfuzlu şəxslərin fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.

Bu şəxslərin fəaliyyətləri ifşa olunduqdan sonra topladıqları fərdi məlumatlar və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları bloklanıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, bu iş üzrə Cavid və Cəlildən başqa şəxslər də məsuliyyətə cəlb edilib. Həmin şəxslər "Telegram" sosial şəbəkəsində "DARK MONEY CHAT" yazışma qrupunda "@Kraker", "@w1se5" və "@Mosad2x" şərti adlı istifadəçilər, eləcə də digər şəxslərdir. Onlar barəsində açılmış cinayət işi ayrıca icraata verilib.

İstintaqla müəyyən edilib ki, Cavid Səhiyyə Nazirliyinin "e-health.gov.az" sisteminə müdaxilə ilə 450 mindən çox Azərbaycan vətəndaşının şəxsi məlumatlarını ələ keçirib.

Cavid sonradan Cəlillə tanış olub. Razılığa əsasən, Cəlil "TikTok" sosial şəbəkəsində həmin məlumatları paylaşmağa başlayıb. Elanlar yerləşdirərək istənilən şəxs barəsində şəxsi məlumatları sata biləcəklərini qeyd ediblər.

Cavidin ifadəsində diqqətçəkən məqamlar var. O, ifadəsində Səhiyyə Nazirliyinin elektron sisteminə necə müdaxilə etdiyini belə danışıb:

"Səhiyyə Nazirliyinin "e-health.gov.az" sisteminə daxil olmaq üçün "script" kompüter məlumatı hazırladım. "E-health.gov.az"ın kompüter təhlükəsizliyi sistemində yaranan "Covid-19 directory" bazasındakı boşluqdan istifadə edərək sistemə sızdım. Vətəndaşların seriya nömrəsi, ünvan, şəhər kodu, yaş, doğum ölkəsi, qan qrupu, vətəndaşlıq, doğum tarixi, sənədin statusu, faktiki ünvan, tam ünvan, ailə statusu, unikal fərdi nömrə, FİN və s. kimi məlumatları əldə edib "Kamatera" şirkətinə aid virtual serverə topladım. 450 294 nəfərin məlumatı var idi.

"Discord" yazışma platformasında "Last" ləqəbli şəxslə tanış oldum. Sonra adının Cəlil olduğunu bildim. Dostlaşıb pul qazanmaq qərarına gəldik. Cəlilə "e-health.gov.az" sistemində tapdığım boşluqlar barədə məlumat verdim. Cəlil "TikTok"da vətəndaşların məlumatlarını satmaqla bağlı elanlar verdi. Sonra hüquq-mühafizə orqanları tərəfindən aşkarlanacağımızdan qorxduğum üçün elanları silməsini tapşırdım. Məlumatları başqa heç kimə vermədim".

Cavid ifadəsində Elm və Təhsil Nazirliyinin "miq.edu.az" saytında istifadəçi girişi (portal) funksiyalarının kibertəhlükəsizliyində buraxılan boşluqlardan istifadə etdiyini bildirib. Söyləyib ki, bu sistemə dəfələrlə daxil olsa da, vətəndaşlara məxsus şəxsi məlumatları öz sisteminə yükləməyib.

Cəlil də eyni məzmunlu ifadə verib. Hər iki şəxs əməllərindən peşman olduqlarını, ilk dəfədir cinayət əməli törətdiklərini deyiblər.

Məhkəmənin hökmü ilə Cavid 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəlil isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq dövründə Cavid həbsdə idi. Amma Cəlil barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi. Məhkəmə Cəlilin həbs edilməsi barədə hökm çıxarıb. Cəlil məhkəmə zalında qandallanaraq cəzaçəkmə müəssisəsinə köçürülüb.=[