Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 18-də davam etdirilib.
"Tvit.az" xəbər verir ki, ittiham akında qeyd olunub ki, 2020-ci il iyulun 14-də Ermənistanın Tavuş vilayəti Berd rayonu Movses kəndi ərazisində yerləşən mövqelərdən və ələ keçirilmiş “Ara postu” adlanan döyüş mövqeyindən iriçaplı artilleriyadan Müdafiə Nazirliyinin Tovuz rayonunun Ağdam kəndində yerləşən “N” saylı hərbi hissəsinin müvafiq döyüş postunun yaxınlığında qurulmuş sığınacaq istiqamətində atəşlər açılıb, atılmış mərminin sığınacağa düşərək partlaması nəticəsində general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu və gizir Babayev Yaşar Vasif oğlu qəsdən öldürülüb.