Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Paşinyan: "İlham Əliyevlə Dublində sülhün təminatları barədə danışdıq"
sosial

Paşinyan: "İlham Əliyevlə Dublində sülhün təminatları barədə danışdıq"

19-11-2026 15:00 7 Views
IMG

Ermənistanın baş naziri Nikol Paşinyan Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı iki ölkə arasında yekun sülhün bərqərar olması üçün təminat məsələlərinin müzakirə edildiyini açıqlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib.

 

Bu gün keçirilən brifinqdə Paşinyan deyib:

 

"Bəli, biz bu məsələni Azərbaycanla müzakirə edirik və eyni zamanda mən bunu Dublində Azərbaycan Prezidenti ilə də müzakirə etmişəm".

 

Bu açıqlama jurnalistin Ermənistanda yeni konstitusiyanın qəbul ediləcəyi təqdirdə sülhün yekun institusionallaşdırılmasına dair təminatların baş nazir tərəfindən Prezident İlham Əliyevlə müzakirə olunub-olunmaması ilə bağlı sualına cavab olaraq verilib.

 

Öz tərəfindən verilən təminatlardan danışan N.Paşinyan sülh gündəliyinin həyata keçirilməsi istiqamətində şəxsi siyasi məsuliyyət daşıdığını xüsusi vurğulayıb:

 

"İlk növbədə qeyd etdim ki, bu təminatları əsasən öz siyasi kapitalım və siyasi nüfuzumla verirəm. Yəni belə təminatlarla çıxış edərək, öz siyasi bioqrafiyamı riskə atıram".

 

Baş nazirin sözlərinə görə, şəxsi siyasi məsuliyyətlə yanaşı, beynəlxalq tərəfdaşlar arasında da müvafiq anlayışın formalaşdırılmasına ehtiyac var:

 

"Biz müvafiq anlayışın yaranması üçün bu mövzu üzərində həm Azərbaycan, Türkiyə, İran, Gürcüstan - xüsusilə də qonşularımızla, eləcə də bütövlükdə beynəlxalq ictimaiyyətlə işləyirik".

 

Qeyd edək ki, İ.Əliyev və N.Paşinyan arasında görüş noyabrın 12-də Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində baş tutub. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi məsələlərini müzakirə ediblər.