Futbol üzrə 2028-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında komandaların səfər məsafələri də nəzərə alına bilər.
Tvit.az xəbər verir ki, UEFA-nın əvvəlki püşkatmalarda tətbiq etdiyi qaydalara əsasən, birbaşa uçuş müddəti və yerüstü əməliyyatlar üçün nəzərdə tutulan vaxtın ümumilikdə 8 saat və ya daha çox olduğu səfərlər uzunməsafəli hesab edilir.
Bu məhdudiyyət komandaların səfər yükünü azaltmaq məqsədi daşıyır. Belə cütlüklərdən yalnız birinin eyni qrupa düşməsinə icazə verilməsi prinsipi tətbiq oluna bilər.
Püşkatma ilə bağlı ilkin simulyasiyalarda Azərbaycan millisi üçün də mümkün məhdudiyyətlər göstərilib. Belə ki, yığmamızın Cəbəllüttariq, İslandiya və Portuqaliya ilə eyni qrupa düşməsi səfər məsafəsi baxımından məhdudlaşdırıla bilər.
Qeyd edək ki, AVRO-2028-in seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək. Azərbaycan millisi püşkatmaya V səbətdən qatılacaq. Həmin səbətdə komandamızla yanaşı, Malta, Litva, Andorra, Cəbəllüttariq və Lixtenşteyn də yer alır.