Ermənistan hökuməti 2027-ci ildə müdafiə xərclərini 53 milyard dram (147,22 milyon dollar) artırmağı planlaşdırır. Bununla da ölkənin müdafiə büdcəsinin 616 milyard drama (təxminən 1,71 milyard dollar) çatdırılması nəzərdə tutulur.
Tvit.az xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Vahe Ovannisyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, gələn il Müdafiə Nazirliyinə ayrılması planlaşdırılan vəsait 2026-cı illə müqayisədə 9,4% çoxdur.
Ovannisyan bildirib ki, əlavə vəsait hərbi infrastrukturun inkişafına, silahlı qüvvələrin təminatına və müdafiə imkanlarının artırılmasına yönəldiləcək.
Qeyd edək ki, 2026-cı ildə Ermənistanın müdafiə xərcləri təxminən 16% azaldılaraq 563 milyard dram səviyyəsində müəyyən edilmişdi.
Beləliklə, Ermənistan hökuməti əvvəlki ildə hərbi xərcləri azaltdıqdan sonra 2027-ci il üçün müdafiə büdcəsində yenidən artım nəzərdə tutur.
Aysel Şirinova,
Tvit.az