Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Deputat: "MRT və KT müayinələri üçün özəl xəstəxanalara da imkan yaradılsın"
sosial

Deputat: "MRT və KT müayinələri üçün özəl xəstəxanalara da imkan yaradılsın"

16-11-2026 17:00 52 Views
IMG

"Xəstəxananın qarşısında durub bir saat izləmək kifayətdir ki, yüzlərlə insanın hansı sıxıntı çəkdiyini görək".

 

Tvit.az xəbər verir ki, bu təklifi deputat Fazil Mustafa parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

O bildirib ki, onkoloji xəstəliklərlə bağlı icbari tibbi sığortanın bu xidmətlərə yönəlməsinin vacibliyi Milli Məclisdə dəfələrlə vurğulansa da, hələ ki, bu məsələ öz həllini tapmayıb:


"İnsanların böyük hissəsi xaricə müalicə almağa getməyə imkanı olmadığına görə, özümüzü onların yerinə qoyub mütləq icbari tibbi sığortanın müəyyən xidmətlərindən istifadəni təmin etməliyik. Maraqlıdır ki, MRT və KT adlanan yoxlama qurğularında dövlət xəstəxanalarında minlərlə adam növbəyə durur, amma özəl xəstəxanalarda heç bir növbə olmur. Boşluq, bura heç bir pasiyent gəlmir. Bu, nə deməkdir? Biz heç olmasa oradakı imkanı çatan insanlara yarı qiymətini ödəməklə müalicənin təmin olunmasına köməklik göstərməliyik. Özəl xəstəxanaların da yad bir mexanizm kimi görülməsinə artıq son verməliyik. İndi yeni bir səhiyyə nazirinin təyin olunması ümid verir ki, bu sahəyə də diqqət artırılacaq".