Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER “Qarabağ” bizi alüdəçi edib... - KÖŞƏ
OTHER

“Qarabağ” bizi alüdəçi edib... - KÖŞƏ

22-01-2026 12:00 35 Views
IMG

Normalda biz sakit cəmiyyətik. Dəymə mənə, dəyməyim sənə…


Futbolda isə orta statistik azərbaycanlı meyarı isə belədir - bir çaynik çay və ya bir-iki “kruşka” pivə və bir az da “hakimə söyüşlər” deyib həyatına davam edirdi (illər əvvəl)
Amma Qurban Qurbanov bu milləti yoldan çıxardı. Açıq deyim, vallah, bizi qudurdub.


Bir vaxtlar Çempionlar Liqasını yalnız “himni səviyyədir” deyə sevirdik. İndi isə xal hesablayırıq, qrupdakı ehtimalları cədvəl kimi analiz edirik, “evdə udsaq, səfərdə bir xal bəs edər” deyə ciddi-ciddi müzakirə aparırıq. Ay sənə Qurban, bu nə işdir? Biz hara, bu iddialar hara?!
Stadionda vəziyyət daha dramatikdir. Qısası, fısqırıx…


Azarkeşlər artıq “təcrübə yığırıq” ifadəsini qəbul etmir. Qələbə istəyir hamı. Artıq heç-heçə də “yeyilmir”. Qələbə də nə qələbə? Elə-belə yox ha, Avropa səviyyəli, pressinqli, topa sahib olan, rəqibi çaşdıran qələbə. Dünya klublarına meydan oxuyuruq e. Kimdir bizi bu hala salan? Cavab eynidir - Qurban Qurbanov.


Əvvəllər bir xal toy-bayram idi. İndi bir xal azarkeşi qane etmir, amma yenə də “pis deyil, Avropadır” deyə filosofluq da edirik. Öyrəşmişik axı. Qurban hoca öyrəşdirib bizi. “Qarabağ” alüdəçi edib bizi. Artıq qələbə də adiləşib e.
Vallah bu psixoloji dəyişiklikdi və təhlükəlidi.
Ən pisi nədir, bilirsiniz? Rəqibdən də qorxmuruq. “Bu komanda çox güclüdür” sözünü deyəndə arxasınca mütləq “amma” əlavə edirik. Amma bizim də şansımız var. Amma biz də futbol oynayırıq. Amma Qurban Qurbanov, “Qarabağ”ımız var. Bu “amma”lar bir millətin futbola baxışını dəyişib.
Bir sözlə, Qurban Qurbanov bizi qudurdub.

Yaxşı mənada, təhlükəli dərəcədə, Avropa standartlarında. Artıq geri dönüş yoxdur, Hoca!Çempionlar Liqası bizim üçün nağıl yox, müzakirə mövzusudur. Qələbə sürpriz yox, tələbdir. Azarkeş isə sadəcə baxan yox, inanan tərəfdir.
Allah sonumuzu xeyir eləsin. Çünki belə getsə, sabah kiməsə “bərabərlik pis nəticədir” deyəndə, tərs-tərs baxıb, sifət edəcək. Bunun da “günahkarı” bəllidir - Qurban Qurbanov.

 

Ruslan Eldaroğlu