“Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa... Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həll ediləcək”.
"Tvit.az" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Real TV”yə müsahibəsində bildirib.
“Bunun adını hicab qoyurlar. Amma alınan qərarda hicab sözü yoxdur, vahid məktəbli geyimi var. Buna hicab adı qoyurlar ki, daha təsirli olsun. Müsəlmanlara təsir göstərsinlər. Bu da məqsədli şəkildədir. Mən inanıram ki, bu məsələ də haradasa Təhsil Nazirliyi vasitəsilə həll olunacaq.
Biz dindarlar bu gün öz dövlətimizin yanındayıq. Çünki bu gün o münaqişələr dini səpkidən çıxarılıb, dövlətə qarşı aparılan siyasət kimi qəbul olunur. Bu isə qəbulolunmazdır. Bütün dindarlar dövlətimizi, dövlətçiliyimizi dəstəkləməlidir. Bu dövlət bizə şəhidlərin, şəhid analarının əmanətidir. Bəzi şəhid ailələrindən istifadə edirlər, onları yönəldirlər. Onlar bilsinlər ki, bizim dövlətə heç nə olmayacaq. Xaricdəkilər də bilsin ki, bizim dövlətimiz yaşayacaq”, - Şeyx qeyd edib.
Daha sonra Allahşükür Paşazadə əlavə edib ki, bu gün hicab məsələsini ortaya qoyaraq xalqı etiraza qaldırmaq istəkləri qəbuledilməzdir: “Bilinir ki, bunun arxasında dayanan adamlar var. Bir daha o adamlara müraciət edirəm, əbəs yerə zəhmət çəkməsinlər, qarşıdurma yaratmaq istəməsinlər, heç bir şeyə nail ola bilməzlər. Mən buna inanıram. Ona görə də mən bizim dindarlara da müraciət edirəm ki, səbirli olsunlar. Bu hadisəni qarşıdurmaya gətirib çıxarıblar. Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər. Bu, yoxdur. Yox olan yerdən bir şey yaratmaq istəyirlər. Bizim dindarlar öz dövlətini, dövlətçiliyini istəyən adamlardır”.